Melih Han Bilgin, Prezident və BİD, Türk Neft Korporasiyası (TPAO)
Türk Neft Korporasiyası (TPAO), Türkiyənin milli karbohidrogen şirkəti və ölkənin neft və qaz kəşfiyyatı və hasilatı sənayesinin mübahisəsiz lideri olaraq, Azərbaycan ilə Türkiyə və yüksək səviyyədə inteqrasiya olunmuş enerji sektorlarımız arasında güclü əlaqələri vurğulamaq və daha da möhkəmləndirmək üçün Bakı Enerji Həftəsində iştirak etməkdən məmnunluğumuzu bildiririk.
Daim genişlənən investisiyaları, yüksək səviyyədə diversifikasiya edilmiş quru və dəniz layihələri, artan neft və qaz kəşfiyyatı və hasilatı ilə TPAO bu artmaqda olan texniki bilikləri və təcrübəsini Türkiyədə və onun ətrafında yeni yataqlara tətbiq etməyə, habelə enerji sahəsində regional və qlobal lider olan Azərbaycan kimi tərəfdaşlarla əlaqələri gücləndirməyə çalışır və bu istiqamətdə qərarlıdır.
TPAO enerjidən asılı olmayan Türkiyə yaratmaq məqsədi ilə karbohidrogen kəşfiyyatı və hasilatında yeni bir dövrə qədəm qoydu. Bu məqsədlə 2020-ci ildə dəniz enerji donanmamızla Qara dənizdə Türkiyənin ən böyük təbii qaz kəşfiyyatına başladıq və bu əhəmiyyətli ehtiyatları 2023-cü ildə Türkiyə xalqının xidmətinə vermək üçün quruya çatdırmağa nail olduq. Biz nəinki ultra dərin dəniz kəşfiyyatı, qazma və tikinti sektorlarında öz təcrübəmizi sürətlə inkişaf etdiririk, həm də təcrübəli işçi qüvvəmizin bacarıqlarını genişləndirir və dünya səviyyəli layihələrimiz vasitəsilə ixtisaslı mütəxəssislərin ölkədən getməsinin qarşısını almağa töhfə veririk.
2022-ci ildə Türkiyə Cümhuriyyəti tarixində quruda ən yüksək sayda - 150 kəşfiyyat və hasilat quyusunun qazılmasına nail olduq. Bu il bu rekordu artıq əla nəticələr verən yeni quyularla təzələmək niyyətindəyik. TPAO Türkiyənin cənub-şərqində Şırnak-Qabar bölgəsi kimi yeni neft yataqlarında tarixi kəşflər edib ki, bu da bizim proqnozlarımıza görə ölkəmizin neft tələbatının əhəmiyyətli bir hissəsini qarşılayacaq.
TPAO olaraq, Bakı Enerji Həftəsinə texniki təcrübəmiz və getdikcə daha çox ölkə daxilində istehsal olunan ən müasir avadanlıqlarla birlikdə unikal səriştələrimizi gətirəcəyik. Nəhayət, bizim insan resurslarımız, yəni ən dəyərli sərvətimiz bu əlamətdar tədbirdə qardaş xalqımız Azərbaycanla yeni körpülər qurmaq və yeni tərəfdaşlıq əlaqələri yaratmaq perspektivi ilə iştirak edəcək. Ölkələrimiz daha geniş regionda yeni enerji layihələri ilə münasibətlərini dərinləşdirə və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər və bunu etməlidir.