Baku Energy Week – Gələcəyin Enerji Trendi

Baku Energy Week – Gələcəyin Enerji Trendi

3 i̇yun 2026 0000
İyunun 3-də Bakı Ekspo Mərkəzində Xəzər regionunun ən nüfuzlu enerji tədbirinə və qlobal enerji təqviminin ən çox gözlənilən hadisələrindən birinə çevrilən Bakı Enerji Həftəsi (Baku Energy Week) öz işini başa vurub. Layihə üç mühüm tədbiri bir araya gətirib: "Caspian Oil & Gas" — 31-ci Beynəlxalq "Xəzər Neft və Qaz" Sərgisini, "Caspian Power" — 14-cü Xəzər Beynəlxalq "Təmiz Enerji" Sərgisini və 31-ci Bakı Enerji Forumunu.

Mühüm müzakirələrin aparılması və enerji sektorunun ən son nailiyyətlərinin nümayişi fonunda qlobal enerji dialoqunun mərkəzi olan bu tədbir dünya enerji sənayesi liderlərinin diqqətini cəlb edib, dünyanın aparıcı enerji şirkətlərini, dövlət qurumlarını, investorları və sahə ekspertlərini bir araya gətirib. Bakı Enerji Həftəsinin əsas hadisəsi Azərbaycan Prezidenti İlham Əliyevin ekspo mərkəzi ziyarət etməsi və ölkə başçımızın geniş auditoriya qarşısında çıxışı olub. Prezident İlham Əliyev Azərbaycanın qlobal enerji dialoqunda genişlənən iştirakına diqqət çəkərək, hazırda Azərbaycan qazını alan ölkələrin sayının on altıya çatdığını vurğulayıb. Qeyd etmək lazımdır ki, cənab Prezident xarici qonaqların diqqətini bütün türk dünyası üçün müstəsna əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi layihəsinə də yönəldib.

ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri də daxil olmaqla, dünya liderləri tərəfindən tədbir iştirakçılarına ünvanlanan təbrik məktubları bu hadisənin beynəlxalq birlik üçün əhəmiyyətini bir daha təsdiqləyir. Bu il dünyanın 44 ölkəsindən 274 şirkət Baku Energy Week-də iştirakını təsdiqləyib. Artıq 30 ildən çoxdur ki, Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq, beynəlxalq əməkdaşlıq və yeni işgüzar əlaqələrin qurulması üçün mühüm platforma rolunu oynayır. Bu gün tədbir ənənəvi energetika çərçivəsindən kənara çıxaraq, beynəlxalq biznes ekosistemi daxilində enerji keçidi, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, loqistika, sənaye və infrastruktur məsələlərini birləşdirir və daha geniş sahələri əhatə edir.

"Caspian Oil & Gas" sərgisində təqdim olunan əsas istiqamətlərə neft və qaz yataqlarının işlənməsi, neft və qazın hasilatı və nəqli, telekommunikasiya və İT, neft və qazın emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və digər sahələr daxildir. Sərgidə həmçinin süni intellekt, dekarbonizasiya, qazma texnologiyaları sahəsində ən son həllər, eləcə də neft və qeyri-neft məhsullarının istehsalı və saxlanması ilə bağlı innovasiyalar nümayiş etdirilib.

Bakı Enerji Həftəsi çərçivəsində zəngin, praktiki yönümlü və intensiv işgüzar proqram təşkil olunub. Proqrama panel müzakirələri, innovasiya, keys, forsayt-keys, forsayt və peşəkar sessiyalar, təqdimatlar və imzalama mərasimləri, həmçinin ənənəvi B2B və B2G formatlı görüşlər daxil edilib. Bakı Enerji Həftəsinin keçirildiyi məkanlarda fəaliyyət göstərən "AIRoboCafe" iştirakçılar və ziyarətçilər üçün yalnız innovativ texnologiyaların nümayişi deyil, həm də tədbirdə iştirakı daha rahat və interaktiv edən müasir xidmət həlli olub. Bir çox ziyarətçinin yaddaşında Baku Energy Week həm də "Ümidvar" inklüziv icmasının üzvü olan uşaqların çəkdiyi rəsmlərin sərgisi ilə qalıb. Bu əsərlər tədbirin axşam qəbulunu bəzəyib və xeyriyyə auksionunun eksponatlarına çevrilib.

Bakı Enerji Həftəsi qlobal enerji trendlərinin müzakirəsi üçün platforma olmaqla yanaşı, həm də gələcəyin enerji trendini formalaşdırıb. Burada tullantıların yaranmasının qarşısını almağa yönəlmiş prinsiplər kompleksi tətbiq olunub. Bu təşəbbüslərin məqsədi tədbirlərin keçirilməsi zamanı karbon izinin azaldılması və tullantıların minimuma endirilməsi də daxil olmaqla, ekoloji cəhətdən dayanıqlı həllərin praktiki tətbiqidir. Əvvəlki illərdə olduğu kimi, tədbir çərçivəsində çap materiallarından istifadə minimuma endirilib, əsas üstünlük elektron kommunikasiya vasitələrinə verilib.
Caspian Power sərgisində beynəlxalq və yerli şirkətlər energetikanın və yaşıl enerji mənbələrinin inkişafı və tətbiqi sahəsində ən son işləmələri və təklifləri təqdim ediblər. Sərgidə günəş və külək enerjisi, geotermal və istilik energetikası, maşınqayırma və energetika avadanlıqları, elektrik nəqliyyatı, enerjiyə qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsullar, xidmətlər və yeni layihələr nümayiş olunub. Beynəlxalq ekspertlərin fikrincə, elektroenergetika Azərbaycanın aparıcı sektorlarından biridir və bu, ölkəyə yalnız daxili enerji tələbatını ödəməyə deyil, həm də qonşu ölkələrə enerji ixrac etməyə imkan verir. "Təmiz Enerji" sərgisi hazırda enerji sektorunun islahatına və dayanıqlı enerji siyasətinin hazırlanmasına yönəlmiş işlərin necə aparıldığını əyani şəkildə nümayiş etdirib. Bu sərgi elektrik enerjisi istehsalçılarının, dövlət qurumlarının və xarici investorların unikal görüş yerinə çevrilərək, əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq üçün limitsiz imkanlar açıb. Keçən ildən başlayaraq sərgi Bakı Enerji Həftəsi çərçivəsində "Xəzər Neft və Qaz" sərgisi ilə birgə keçirilir.

Ənənəvi olaraq Baku Energy Week Azərbaycan Respublikası Energetika Nazirliyinin dəstəyi ilə keçirilir, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Baku Energy Week-in təşkilatçıları "Iteca Caspian" şirkəti və onun beynəlxalq tərəfdaşları "ICA Events" və "CEM FZ LLC Caspian Event Management FZ-LLC" şirkətləridir. Tədbirə həmçinin "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" (ASTA) tərəfindən də dəstək göstərilib.
 

 

Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN