Hörmətli iştirakçılar, hörmətli qonaqlar.
Sizi ən səmimi duyğu və sevgi ilə salamlayıram.
Otuz ildən artıq müddətdir qlobal enerji liderlərini, investorları və şirkətləri bir araya gətirən bu mötəbər foruma məktub göndərməklə də olsa, müraciət etməkdən böyük məmnunluq duyuram.
Regionumuzda yaşanan proseslər Azərbaycanla birlikdə enerji sahəsində atdığımız addımların nə qədər düzgün olduğunu göstərir. Bölgəmiz üçün xəyal kimi görünən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləri kimi layihələr Azərbaycanla birlikdə başlatdığımız və digər bir dost ölkə Gürcüstanın da töhfələri ilə başa çatdırdığımız layihələr arasındadır.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində tərəfdaşlığımız sayəsində Azərbaycanla əməkdaşlığımızın daha da dərinləşdiyini görürük. “Şəfəq-Asiman” yatağı üzrə yeni tərəfdaşlığımız bu əməkdaşlığımızın fasiləsiz şəkildə davam etməsinin növbəti bariz sübutudur. Ötən il istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini dəstəkləyib və möhkəmləndirib.
Türkiyə ilə Azərbaycan arasındakı elektrik bağlantıları bizim üçün strateji əhəmiyyət daşımaqdadır. İnşallah, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsinin həyata keçirilməsi ilə bütün regionumuzun enerji təhlükəsizliyinə töhfə verməyi düşünürük.
Eyni qaydada, ötən ilin avqust ayında Türkiyə və Azərbaycanın birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının bu ölkənin inkişafına və regional təhlükəsizliyə töhfələri mübahisəsizdir. Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə ixracı istiqamətində əməkdaşlığımızı genişləndirmək üçün qarşımızda böyük imkanlar mövcuddur. Qazaxıstanın təbii ehtiyatlarının Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadənin daha da artmasının şahidi oluruq.
Hörmətli iştirakçılar, Türkiyə bərpaolunan və yaşıl enerji də daxil olmaqla enerji sektorunun bütün istiqamətlərində səmərəliliyi və ətraf mühitə qayğını əsas götürərək məhsuldarlığı təmin etməyə yönəlmiş baxışa sahibdir. Qlobal iqlim fəaliyyəti sahəsində öncül və nümunəvi ölkələrdən biri olmaq əzmimizi bu il noyabrın 9-20-də Antalyada ev sahibliyi edəcəyimiz COP31 Sammiti ilə daha da möhkəmləndirəcəyik.
Bu fikirlərlə “Bakı Enerji Həftəsi”nin ölkələrimiz və regionumuz üçün xeyirlərə vəsilə olmasını arzulayıram. Tədbirin təşkilində əməyi olanlara təşəkkür edir, Əziz Qardaşım Prezident cənab Əliyevi və bütün iştirakçıları səmimiyyətlə salamlayıram.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti