Natiq Rzayev, Bakı Gəmiqayırma Zavodunun kommersiya üzrə menecer müavini
Bakı Gəmiqayırma Zavodunun (BGZ) açılışı 2013-cü ildə olub. Ötən illər ərzində burada 11 gəmi tikilib, 12-ci gəminin tikintisi isə bu il başa çatdırılacaq. Bundan əlavə, zavodda daha 4 layihə - 2 tanker, 1 bərə və 1 dibdərinləşdirici gəminin tikintisi həyata keçirilir. Daha 4 gəmi layihələndirmə mərhələsindədir ki, onlardan 3-ü heyət daşımaq, 1-i isə dalğıc əməliyyatları üçün nəzərdə tutulmuş gəmidir.
Müəssisədə həmçinin gəmi təmiri – kiçik avadanlıq təmiri, gəmilərə yeni avadanlıqların quraşdırılması, xarici gəmilərin modernləşdirilməsi həyata keçirilir. BGZ-də indiyədək 200-dən çox analoji layihə həyata keçirilib.
Bu sərginin daimi iştirakçısı kimi hər il burada öz yeni məhsullarımızı təqdim etməyə çalışırıq. Bu il yeni layihələrə, müəssisənin gəmi təmiri ilə bağlı imkanlarına və ən yüksək standartlara uyğun kadr hazırlığına diqqət ayrılıb.
Sərgi zamanı çox vacib görüşlərimiz və danışıqlarımız oldu. Onların arasında artıq bir sıra layihələri həyata keçirdiyimiz tərəfdaşlarla – “Damen” şirkəti ilə görüşləri, eləcə də zavodumuzda yeni gəmilərin tikintisi ilə bağlı bir sıra maraqlı fikir mübadilələrini qeyd edə bilərəm.
Xəzər hövzəsində fəaliyyət göstərən gəmilərin potensialı xarici şirkətlərin nümayəndələrinin xüsusi marağına səbəb oldu. Məlum olduğu kimi, böyük gəmilərin Volqa-Don kanalı ilə Xəzər dənizinə keçməsi çox çətindir. Buna görə də, BGZ-də gəmilərin ayrı-ayrı hissələrdən yığılması layihələri türkiyəli və qazaxıstanlı tərəfdaşlarımızın diqqətini cəlb edir.
“Caspian Oil&Gas” sərgisi ənənəvi olaraq təşkilatçılıq səviyyəsi ilə, eləcə də tədbirin yekunlarına əsasən müəyyən mənada mükafata çevrilən müsbət və cəlbedici nailiyyətlərlə yadda qaldı. Müəyyən məhsul və ya xidmət axtarışında sərgiyə gələnlər arasında imkanları nümayiş etdirmək baxımından bu cür tədbirlərdə iştirak etmək bizim üçün mühüm əhəmiyyət kəsb edir. Ötən illərin nəticələrinə əsasən, sərgidə iştirak sayəsində biz özümüzü tanıtmağa və yeni tərəfdaşlar əldə etməyə nail olmuşuq. Düşünürəm ki, bu il də istisna olmayacaq.