Sərginin nəticələrindən çox razıyıq!
4 i̇yun 2025
0000
Arzu Aslanbəyov
“Solutions Equipment Tools” şirkətinin direktoru
“Solutions Equipment Tools” şirkəti tikinti, dağ-mədən və sənaye avadanlıqlarının satışı sahəsində ixtisaslaşmışdır. Şirkətin məhsul çeşidi olduqca genişdir, biz bir sıra tanınmış beynəlxalq markaların rəsmi distribyutorlarıyıq. Bunlar arasında “STANLEY”, “DeWALT”, “MAKITA”, “RYOBI”, “BOWER”, “FASSI”, “DISTAR”, “NTN” və digər müasir, tanınmış brendləri qeyd edə bilərəm.
Bizi yerli “Caspian Oil and Gas” sərgisinə gətirən əsas məqsəd istehsalçılarla yeni işgüzar əlaqələr qurmaq, tikinti avadanlıqları sahəsindəki yeni tendensiyalar, texnologiyalar və istiqamətlərlə tanış olmaq, eyni zamanda məhsul çeşidimizi genişləndirmək idi.
Bu gün sərginin üçüncü günüdür və biz olduqca razıyıq. Sərgi məhsuldar keçir və gözləntilərimizi üstələyib artıq yeni potensial tərəfdaşlar və müştərilərlə tanış olmuşuq.
Burada, Bakı Ekspo Mərkəzində müxtəlif şirkətlər uzunmüddətli sazişlər bağlayıb, bir sıra yeni müqavilələr imzalanıb. Bu isə o deməkdir ki, dövlət səviyyəsində bu sahədə inkişaf davam edəcək və perspektivli layihələrin icrası sürətləndiriləcək. Yeni texnologiyalar və qabaqcıl istiqamətlər inkişaf və peşəkarlıq tələb edir. Biz də bu prosesdə iştirak edirik və “Caspian Oil and Gas” sərgisi sayəsində qazandığımız bilik və təcrübə ilə qürur duyuruq.
Mən sərgiləri həmişə iki baxış bucağından qiymətləndirirəm – həm iştirakçı, həm də ziyarətçi kimi. Tam əminliklə deyə bilərəm ki, hər iki baxımdan sərgilər biznesin inkişafına müsbət təsir göstərir və böyük töhfə verir.