Səmimi mühitdə brend tanıtımının artırılması
2 i̇yun 2025
0000
İldar İbrahimov, İcraçı Direktor, KSI PetroGasServices (Qazaxıstan)
Qazaxıstanda yerləşən şirkətimiz neft və qaz zavodları, emal müəssisələri və kimya sənayesi obyektləri üçün yüksək texnoloji sənaye xidmətlərinin göstərilməsi ilə məşğuldur. Məsələn, çənlərin təmizlənməsi xidmətimiz tam avtomatlaşdırılmış texnologiya əsasında həyata keçirilir və insanın daxil olması tələb olunmur. Digər mühüm xidmətimiz – katalizatorların idarə olunması – sənaye sahəsində olduqca spesifik və riskli proseslərdən biridir. Biz bu prosesi həm adi, həm də azot mühiti şəraitində, müasir avadanlıq və yüksək ixtisaslı kadrların iştirakı ilə təhlükəsiz şəkildə həyata keçiririk.
Bundan əlavə, biz emal və kimya müəssisələrinin əsaslı təmir dövrlərində tələb olunan dezaktivasiya və təzyiqin azaldılması xidmətlərini də göstəririk. Bu xidmətlər texnoloji qurğulara və avadanlıqlara təhlükəsiz girişin təmin olunmasına imkan yaradır. Biz H₂S və pirofor birləşmələrin təmizlənməsi üçün istifadə edilən, yüksək səviyyəli kimyəvi maddələrə əsaslanan “ZymeFlow” adlı qabaqcıl dezaktivasiya texnologiyasının rəsmi istifadəçisiyik. Həmçinin, Kanadanın EcoTec şirkətinin ion mübadiləsi üsuluna əsaslanan xüsusi Amina Bərpa texnologiyasını tətbiq edirik. Bu metod amin məhlullarından istiliyə davamlı duzların təmizlənməsinə imkan verir və bununla da aminin istismar müddətini uzadır, qurğuların fəaliyyətini dayandırmağa ehtiyac qalmır.
Biz bu sərgidə iştirak etməklə beynəlxalq bazara çıxış strategiyamız çərçivəsində, xüsusilə də Azərbaycan və Özbəkistan kimi yaxın qonşularımız və tarixi-mədəni qardaş ölkələrlə əməkdaşlığı gücləndirməyi hədəfləyirik. Məqsədimiz SOCAR, “Uzbekneftegas”, “Tatneft” və bu kimi digər şirkətlərin nümayəndələri ilə əlaqə qurmaqdır. Regionun və digər ölkələrin aparıcı neft-kimya nəhənglərini bir araya gətirən bu sərgi məqsədlərimizə qeyri-rəsmi və dost mühitdə çatmaq üçün əlverişli bir platformadır.
Sərgi hələ yeni başlayıb, lakin ilkin təəssüratlar çox müsbətdir. Ölkə prezidentinin hər il bu tədbirdə iştirak etməsi sərginin əhəmiyyətini və beynəlxalq səviyyəsini açıq şəkildə göstərir. Təşkilatçıların zəhməti nəzərəçarpacaq dərəcədədir – sərgi sanki dəqiq mexanizm kimi işləyir.