Fidan Kərimova, “Black Well” şirkətinin satınalmalar üzrə mütəxəssisi
“Black Well” şirkəti satınalma və təchizat xidmətləri göstərir, müxtəlif avadanlıqların və ehtiyat hissələrinin tədarükünü təmin edir. Şirkət neft-qaz, neft-kimya və enerji sektorları üzrə ixtisaslaşıb. Fəaliyyətimizin əsasını müştərilərə ən optimal və kompleks həllər təqdim etmək istəyi təşkil edir. Bu məqsədlə biz dünya üzrə istehsalçılarla tərəfdaşlıq əlaqələri qurmuşuq ki, bu da bizə həm yerli, həm də beynəlxalq bazarlarda minlərlə məhsula ən sərfəli qiymətlərlə çıxış əldə etmək imkanı verir. Səmərəli fəaliyyət göstərmək üçün bir çox diler müqavilələri imzalamış və peşəkar mühəndisləri işə cəlb etmişik. İlk dəfədir ki, avadanlıqlarımız neft-qaz sərgisində nümayiş olunur. İştirak bizim üçün böyük potensialdır. Mənə elə gəlir ki, ilk dəfə üçün hər şey çox uğurlu alındı. Biz yeni müştərilər tapmağa, habelə potensial tərəfdaşımız ola biləcək digər şirkətlərlə münasibətləri inkişaf etdirə bildik. Biz əsasən SOCAR və onun bölmələri, eləcə də digər şirkətlərlə əməkdaşlıq edirik. Lakin bəzi şirkətlərlə əlaqələrimiz sıx olmadığı üçün onlar haqqında az məlumatlı idik. Sərginin 3 günü ərzində biz bir-birimiz haqqında çox şey öyrəndik, təcrübə mübadiləsi apardıq və gələcək planları razılaşdırdıq. Təşkilatçılığı çox bəyəndik. Ümid edirik ki, gələn il sərgi daha da genişlənəcək və biz daha böyük stendlə yenidən qatılacağıq. Hesab edirəm ki, belə sərgilərin keçirilməsi neft-qaz sektorunun inkişafı baxımından çox vacibdir. Bu gün həm yerli, həm də qlobal bazarlarda iştirak edən bir çox şirkət var. Sərgi hər kəsə ünsiyyət, işgüzar görüşlər və peşəkar dialoq üçün əla imkan yaradır.