Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi çərçivəsində baş tutan 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil and Gas"), 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi ("Caspian Power") və 29-cu Bakı Enerji Forumu iyunun 6-da işini tamamlayıb. Eyni zamanda, sərgi mərkəzində 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (“Translogistica Caspian”) sərgisi təşkil edilib.
Qeyd etmək lazımdır ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanmasının 30 illiyi tamam olur. Tədbirin beynəlxalq səviyyədə keçirilməsi dünyanın hər yerindən minlərlə ziyarətçinin və qonağın diqqətini cəlb edib, bir çox xarici iştirakçılar və investorlar üçün əsas müzakirə mövzusuna çevrilib. Qlobal enerji bazarının əsas oyunçuları innovativ ideya və təcrübə mübadiləsi aparmaq, qabaqcıl nailiyyətləri nümayiş etdirmək və yeni müqavilələr bağlamaq üçün Bakıda toplaşıblar.
Azərbaycan Prezidentinin sərgi mərkəzini ziyarət etməsi və Bakı Enerji Həftəsinin açılışında çıxış etməsi sərgilərin çəkisindən xəbər verir. Dövlət başçısı çıxışında yerli enerji sənayesinin inkişafının effektini vurğulayıb və qlobal enerjinin perspektivlərini açıqlayıb. Maraqlıdır ki, tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə Neftçala və Biləsuvar günəş elektrik stansiyalarının, habelə Abşeron-Qaradağ külək elektrik stansiyasının rəmzi təməlqoyma mərasimi keçirilib.
Şaxələndirmənin əhəmiyyətinin artması sərginin və forumun aktuallığını müəyyən edir. Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı “ümum-Avropa qaz təchizatçısı” adlandırıb. Bu il qaz ixracının 24 milyard kubmetrdən çox olacağı gözlənilir.
Sərgilər Azərbaycanın noyabr ayında təmiz enerjiyə keçid üçün əsas qlobal təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş ən mühüm tədbir olan COP29 Konfransına ev sahibliyi etmək üçün təşkilati və intellektual hazırlığını aydın şəkildə nümayiş etdirdi. Bakı Enerji Həftəsi çərçivəsində SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın tədarükü, nəqli və tranziti ilə bağlı bir sıra sazişlər imzalanıb.
Müasir energetikanın ən mühüm vəzifələrini müəyyən edən və müxtəlif ölkələri təmsil edən qurumların rəhbərləri, iş adamları və alimlər neft və qaz yataqlarının işlənilməsi, neft və təbii qazın nəqli, hasilatı və emalı, innovativ texnologiyalar, o cümlədən enerji və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsində qlobal səylər haqqında söhbət açıblar. Günəş enerjisi, geotermal, nüvə və istilik enerjisi, maşınqayırma və enerji avadanlığı sahəsində mütəxəssislər B2B formatında keçirilən görüşlərdə uğurla iştirak ediblər.
Builki sərgilərin tərkibi iştirakçıların ümumi sayının 15%-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanda “yaşıl enerji”yə böyük maraq göstərən xarici iştirakçılardır.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sektorunda yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə və yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verir. Bütün bunlar Azərbaycanın Avrasiyanın inkişaf perspektivlərini müəyyən edən beynəlxalq və irimiqyaslı tədbirlərin uğurlu təşkilatçısı statusunu bir daha təsdiqləyir.
Bakı Enerji Həftəsinin təşkilatçısı “Iteca Caspian” və “Caspian Event Oraganisers” şirkətləri, habelə onların beynəlxalq tərəfdaşları – “ICA Events”, CEM FZ LLC şirkətləridir.