Xəzər regionunun enerji sektorunda ən mühüm tədbir

Xəzər regionunun enerji sektorunda ən mühüm tədbir

4 i̇yun 2024 0000

İyunun 4-də 29-cu Beynəlxalq “Caspian Oil&Gas” sərgisi öz işinə başlayıb. Sərgi ilə parallel 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisi və 29-cu Bakı Enerji Forumu keçirilir. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konsepsiya əsasında qurulan Bakı Konqres Mərkəzində təşkil olunur.

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.

Bakı Enerji Həftəsinin açılış mərasimində Böyük Britaniyanın “Ica Group” şirkətinin müşaviri Stiven Murtay tədbir iştirakçılarına təşkilatçıların adından müraciət edib. Cənab Murtay 30 il əvvəl məşhur “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan “Xəzər Neft və Qaz” sərgisinin tarixinə ekskursiya edib. Onun sözlərinə görə, enerji sektorunun bu əsas forumunun təməli məhz sözügedən əlamətdar hadisə ilə qoyulub. Cənab Murtay Azərbaycanın böyük beynəlxalq tədbirlərin təşkilində rolunu vurğulayıb və bunun ölkə rəhbərliyinin proqressiv siyasətinin və dünya miqyasında Azərbaycana artan hörmətin sübutu olduğunu qeyd edib. Sonda məruzəçi dəyərli tərəfdaşlığa verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qonaqlar və sərgi iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış nitqini böyük maraqlı dinləyiblər. Azərbaycan Prezidenti çıxışında respublikanın neft tarixində yeni dövrün əsasını qoyan məşhur “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulayıb.

Məhz bu tarixi sənəd Azərbaycanın enerji strategiyasının əsas tendensiyasını müəyyən edən fundamental amilə çevrilib. Həmin vaxtdan artıq 30 il keçib. Ölkəmiz uzun illər ərazimizin bir hissəsinin separatçılar tərəfindən işğalı və çoxlu sayda məcburi köçkünün olması fonunda müstəqilliyinin fəal şəkildə bərpası şəraitində inkişaf edib.

Neft hasilatının qlobal miqyasda inkişafı Azərbaycana əhəmiyyətli investisiyalar cəlb edib, iqtisadi inkişafa və sosial siyasətə müsbət təsir göstərib. Dünyanın böyük dövlətlərinin ölkəmizə diqqəti ildən-ilə daha da artır.

2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əlamətdar hadisə ilə üst-üstə düşür. Belə ki, bu il Azərbaycanda dövlət səviyyəsində “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edilib.

Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələrin bütün sahələrdə sarsılmaz olduğunu qeyd edib. Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin ənənələri Xəzər regionunda və Avropada enerji təhlükəsizliyi uğrunda mübarizənin səmərəliliyinə mühüm töhfə verib. Cənab nazir regional layihələrin, xüsusən də nəqliyyat marşrutlarının aktiv inkişafının vacibliyini də vurğulayıb.

COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir enerji dünyasının məşhur simalarını bir araya gətirən bu tədbirin əhəmiyyətini qeyd edib. Avrasiyanın enerji təhlükəsizliyi uğrunda mübarizədə Azərbaycanın ciddi uğurlarını

nəzərə çatdıran COP28-in prezidenti müasir reallıqlara uyğun olaraq neft hasilatı problemlərinin həlli və beynəlxalq peşəkar əlaqələrin inkişafı baxımından çoxtərəfli səylərin vacibliyini vurğulayıb.

ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian çıxışı zamanı ABŞ-Azərbaycan əməkdaşlığının perspektivlərini qeyd edib. Dövlət Departamentinin nümayəndəsi Azərbaycanda həyata keçirilən layihələrin inkişaf effektini, həmçinin Azərbaycanın iqtisadiyyat və “yaşıl ekologiya” sahəsində əsas qlobal təşəbbüsləri təşviq etmək bacarığını vurğulayan ABŞ Prezidenti Cozef Baydenin Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanlanmış müraciətini oxuyub. O qeyd edib ki, bu gün Azərbaycan öz enerji tarixində yeni səhifə açır. Harri Kemianın sözlərinə görə, ekoloji cəhətdən təmiz enerji ilə bağlı bu yeni səhifə bütün regionun rifahına töhfəsini verəcək.

Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması üzrə İşçi Qrupunun direktoru Kristina Lobillo Azərbaycan ilə Avropanın iqtisadi təşkilatları və nümayəndəlikləri arasında strateji tərəfdaşlığın səmərəliliyini qeyd edib. Onun sözlərinə görə, qarşıya əsas məqsəd kimi qoyulan Azərbaycan qazının Avropaya nəqlinə nail olmaq istiqamətində çoxlu işlər görülüb. Kristina Lobillo, eyni zamanda, Azərbaycanın bərpa olunan enerji mənbələri və atmosferə zərərli emissiyaların azaldılması baxımından layiqli təşəbbüslərini diqqətə çatdırıb.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays Prezident İlham Əliyevin neft hasilatı tarixində müstəsna rolunu vurğulayıb. Cənab Haysam Əl-Qays zəngin faydalı qazıntı mənbələrinə malik ölkələrin əhəmiyyətini və iqtisadi səmərəliliyini qeyd edib. Bu dövlətlərin qlobal sabitliyin təmin edilməsində oynadığı rolu layiqincə qiymətləndirmək lazımdır. Çünki resurslar dünyaya xidmət edir, bütün bəşəriyyətin rifahına yönəlib. Şübhəsiz ki, OPEK enerji resurslarının hasilatının inkişafı baxımından Azərbaycanın işləyib hazırladığı iqtisadi layihələri və təşəbbüsləri dəstəkləyir.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera insan sağlamlığı və iqlim baxımından təhlükəsiz sabaha yönəlmiş beynəlxalq layihələrdə əməkdaşlığın zəruriliyini qeyd edib. Bu baxımdan bərpa olunan enerji mənbələrinin tətbiqi və təşviqi böyük əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyi problemlərinin həllinə ciddi yanaşma qloballaşmanın vahid ideyası və prinsipləri ilə birləşən regionların çoxvektorlu fəaliyyətini tələb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə keçirilən Neftçala, Biləsuvar və Abşeron-Qaradağ rayonlarında günəş elektrik stansiyalarının rəmzi təməlqoyma mərasimindən sonra sərgi pavilyonlarına VIP tur baş tutub.

Hər üç əlamətdar tədbir regionun enerji sektorunda mühüm hadisə olan Bakı Enerji Həftəsi çərçivəsində baş verir. Baku Energy Week beynəlxalq tərəfdaşlar qismində ICA Events və CEM FZ LLC ilə birlikdə Iteca Caspian və Caspian Event Organisers tərəfindən təşkil olunur.

2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Bu il Respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapmışdır.

Builki Bakı Enerji Həftəsində 37 ölkədən 300-ə yaxın şirkət iştirak edir. Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır.

Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi “Caspian Oil&Gas” sərgisində müzakirə olunur. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunur.

Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaqdır. Tədbir günəş enerjisi, geotermal, nüvə və istilik enerjisi, maşınqayırma və enerji avadanlıqları, enerjiyə qənaət edən və resursa qənaət edən texnologiyalar və s. sahələr üzrə mütəxəssis və sahibkarları cəlb edir.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.



                                                                                                                       
                                                                                   Xəbərlərin sponsoru
                                                                                 
                                       
                                                                           
     


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN