İyunun 2-də Bakı Ekspo Mərkəzində dünyanın onlarla ölkəsindən rekord sayda iştirakçı və ziyarətçini bir arada toplayan 28-ci Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil&Gas" sərgisi başa çatıb.
Bakı Enerji həftəsinin əsas əlamətdar məqamı tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı olub. Prezident İlham Əliyev Bakı enerji həftəsinin regionun enerji sahəsində əsas beynəlxalq hadisələrdən biri olduğunu vurğulamaqla tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Dövlətimizin başçısı vurğuladı ki, bu sərgi otuz ildir ki, Azərbaycana öz potensialını beynəlxalq investorlara nümayiş etdirmək imkanı verir.
Qeyd edək ki, forumun ünvanına ABŞ prezidenti Jozef Bayden və Böyük Britaniyanın Baş Naziri Rişi Sunakın təbrik məktubları daxil olub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının yüz illiyi müasir dövrün əlamətdar hadisəsi kimi təqvimin bütün sərgilərinin proqramlarında öz əksini tapmışdır.
Tədbirdə Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Vyetnam, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Hollandiya, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə və Yaponiya təmsil olunub.
Tədbir çərçivəsində Xəzər regionunda neft-qaz layihələri və regional enerji təhlükəsizliyi məsələləri müzakirə olunub. Sərginin əsas mövzuları arasında neft-qaz yataqlarının işlənməsi, neft və qazın hasilatı və nəqli, boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, neft/qaz emalı, enerji sahəsində tikinti-quraşdırma işləri, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi və s. mövzular yer alıb.
Sərginin işgüzar proqramından qaynaqlanan beynəlxalq əməkdaşlığa can atmanın müsbət tendensiyasını qeyd etmək vacibdir.
Xarici iştirakçılar xidmət müqavilələrində, eləcə də Azərbaycan ərazisində yanacaq-enerji kompleksində müxtəlif növ işlərin operatoru kimi iştirak etmək istədiklərini dəfələrlə bəyan ediblər.
Şübhəsiz ki, əlaqələrimizin inkişafı Azərbaycanın və dünya bazarının aparıcı subyektlərinin ticari-iqtisadi əməkdaşlığına yeni təkan verəcəkdir.
"Caspian Oil&Gas" sərgisi çərçivəsində "Neft-qaz sənayesində rəqəmsallaşma və avtomatlaşdırma sahəsində innovasiyalar", "Gələcəyə qayıdış: köhnə quyuların istismarı, bərpası və reabilitasiyası", "Neft və qaz quyularının qazılmasının yeni üsulları", "Neft-qaz şirkətlərinə tədarük üzrə kiçik və orta biznesin imkanları" adlı bir sıra sessiya və panel müzakirələri keçirilib.
Bakı enerji həftəsinin təşkilatçıları beynəlxalq tərəfdaşlar qismində "ICA Events" və "CEM FZ LLC" ilə birlikdə "Iteca Caspian" və Caspian Event Organisers"dir.