"Caspian Energy Club" qrupunun baş icraçı direktorunun birinci müavini Rasim Mahmudov
2023-cü il Azərbaycanın müasir tarixində əhəmiyyətli bir ildir. 2023-cü ildə ölkənin neft strategiyasının banisi olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin ölkədə "Heydər Əliyev ili" elan edilməsi haqqında fərman imzalayıb.
Artıq 30 ildir ki, "Caspian Oil & Gas" dünyanın hər yerindən çox sayda iştirakçıları birləşdirən, ölkə iqtisadiyyatının dinamik inkişafına töhfə verən, uğurlu danışıqların fəal aparılması və biznes əlaqələrinin qurulması üçün çoxlu ilkin şərtlər yaradan unikal platformadır. Bu layihə Xəzər-Qara dəniz regionunun neft-qaz sahəsində əsas hadisədir.
Sərgi ərəfəsində "Caspian Energy Club"un dəstəyi ilə nəşr olunan və ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Caspian Energy" jurnalının növbəti buraxılışı işıq üzü görüb.
2002-ci ilin iyun ayında yaradılan 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı öz sıralarında birləşdirən "Caspian Energy Club" 20 ildən artıqdır ki, "Caspian Oil & Gas" sərgisinin fəal iştirakçısıdır.
Şüarımız "energy for business"dir. Enerjidən danışarkən biz "Caspian Energy Club"a daxil olan Xəzər-Qara dəniz və Baltik regionu biznesmenlərinin və şirkətlərinin enerjisini nəzərdə tuturuq.
Təşkilatımız Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Çexiya, Latviya, Polşada fəaliyyətini bərpa edib. İlin əvvəlindən etibarən Tbilisi, Praqa, İstanbul və Daşkənddə dörd böyük beynəlxalq "Caspian Energy Investment Forum"unu təşkil etmişik. Riqada foruma hazırlıq gedir.
Azərbaycanda keçirilən tədbirlərin formatlarının sayı da artıb. "CEO Breakfast", "Grand CEO Lunch", müxtəlif mövzularda "CEO meet up", biznes turları getdikcə daha çox biznes sahibləri və yüksək səviyyəli menecerləri cəlb edir, onlara həm yerli, həm də xarici şirkətlərlə keyfiyyətli əlaqələr yaratmağa imkan verir.
Bu yaxınlarda biz neft-qaz sektoru üçün əlaqə platforması olan "Caspian Energy Meet Up"ın fəaliyyətini bərpa etdik.
İyun ayında yeni "Azerbaijan Industry 4.4 Forum" formatına start veriləcək, onun əsas mövzusu sənayedə innovativ metodların tətbiqinin təşviqi olacaq. Bu formata uyğun tədbirlər hər ay Azərbaycanın bütün bölgələrində keçiriləcək.