“Baku Steel Company” şirkətinin məhsulları Avropa və Amerika standartlarının bütün tələblərinə cavab verir

“Baku Steel Company” şirkətinin məhsulları Avropa və Amerika standartlarının bütün tələblərinə cavab verir

26 may 2023 0000

Polad Hümmətov, “Baku Steel Company” QSC-nin Baş Direktorun 1-ci müavini

“Baku Steel Company” QSC 2001-ci ildə Ümummilli lider Heydər Əliyevin birbaşa diqqəti və qayğısı sayəsində yaradılıb. Qısa müddət ərzində Qafqazın ən böyük metallurgiya müəssisəsinə çevrilən şirkət Azərbaycan iqtisadiyyatının inkişafına özünəməxsus töhfələr verib.

Şirkətimiz sərgidə ayrıca stendlə çıxış edir. “Baku Steel Company” QSC-nin stendində şirkətin istehsal etdiyi yüksək keyfiyyətli kvadrat və dairəvi pəstahların, həmçinin neft-qaz istismarı layihələrində istifadə olunan və yüksək dərinlik təzyiqinə davamlı tikişsiz boruların nümunələri, armatur çeşidləri, eləcə də polad məftil (katanka), çeşidli fasonlu tökmələr və s. məhsullar nümayiş olunur. Xatırladım ki, 22 illik fəaliyyəti dövründə nəinki Azərbaycanın, bütün Qafqaz regionunun tanınmış brendinə çevrilən “Baku Steel Company” QSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, Avropa, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunub.

Məxsusi vurğulamaq lazımdır ki, 2023-cü ildən etibarən artıq ABŞ-a da boru ixracına başlamışıq. Qeyd edim ki, “Baku Steel Company” QSC ABŞ-a boru ixrac edən ilk və yeganə Azərbaycan şirkətidir.

“Baku Steel Company” QSC-də məhsullar yüksək keyfiyyətlə istehsal olunur və bu fakt regionla yanaşı, artıq inkişaf etmiş ölkələrdə də qəbul edilir. Şirkətin məhsullarının Almaniya da daxil olmaqla Avropa, həmçinin ABŞ standartlarının bütün tələb və şərtlərinə cavab verdiyi rəsmən təsdiqini tapıb və şirkət artıq ISO, EN, DIN, ASTM kimi beynəlxalq standartların sertifikatlarına sahibdir.

Şirkətimizdə idarəetmə və istehsal sahəsində daim qabaqcıl beynəlxalq təcrübə, eləcə də metallurgiya sənayesində müşahidə olunan qlobal trendlər öyrənilir, işlər günün tələblərinə uyğunlaşdırılır.

Ötən il müəssisədə quraşdırılan 10,250 m radiuslu yeni nəsil fasiləsiz pəstah tökmə maşınında (FPTM) qısa müddətə, az itki ilə, daha çox və yüksək keyfiyyətli məhsul istehsal edilir. Yeni istehsal xəttində artıq poladın markasından asılı olaraq standart ölçülü və ya sifarişə uyğun - 6, 9, 12 m uzunluğunda, 125-125 mm və 150-150 mm enində kvadrat pəstahlar, həmçinin 130 mm-dən 250 mm-dək diametrli dairəvi pəstahlar tökmək olur. Prosesin davamı olaraq yaxın zamanlarda vakuum deqazasiya və qapalı tökmə sistemləri istismara veriləcək. Bu bizə poladın tərkibini qeyri-metallik birləşmələrdən təmizləyərək tikinti ilə yanaşı maşınqayırma, aviasiya və s. sahələr üçün daha keyfiyyətli polad istehsal etməyə imkan verəcək.

Hazırda “Baku Steel Company” QSC-də məhsulların keyfiyyətinə nəzarət etmək üçün 4 laboratoriya - kimyəvi təhlil, spektral təhlil, mexaniki sınaq və metalloqrafik laboratoriyaları fəaliyyət göstərir və onlar ən müasir avadanlıqlarla təchiz olunub. Şirkət həmçinin keyfiyyəti idarəetmə sisteminə görə nüfuzlu sənəd hesab edilən ISO 9001:2015 sertifikatına da layiq görülüb. 2022-ci ilin oktyabr ayında isə “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən və sıralarında 170-dən çox polad istehsalçısını, milli və regional sənaye assosiasiya və tədqiqat institutlarını birləşdirən “World Steel Association”-a (Dünya Polad Assosiasiyası) müntəzəm üzvlüyə qəbul olunub. Dünyanın ən iri və dinamik sənaye assosiasiyalarından biri olan “worldsteel”ə yalnız nəhəng polad istehsalçıları üzv qəbul olunur. “Baku Steel Company” QSC isə Cənubi Qafqazda bu təşkilata üzv olan yeganə Azərbaycan şirkətidir.

“Baku Steel Company” QSC-də ən mühüm məqamlardan biri də istehsalat prosesində əməyin təhlükəsizliyi və işçilərinin sağlamlığının tam şəkildə təmin edilməsidir. Bu istiqamətdə Cəmiyyətin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsinin (SƏTƏMM) metallurgiya sənayesində olan beynəlxalq praktikaya uyğun təkmilləşdirilməsi məqsədilə prosesə Avropa ölkələrindən də mütəxəssislər cəlb olunur.

“Baku Steel Company” QSC Bakıda keçirilən “Caspian Oil&Gas” sərgilərinə xüsusi önəm verir. Biz onun əsas rolunu şirkətimizin həm tərəfdaşlarla əlaqələrinin qorunub saxlanılması, həm də yeni, xüsusən də dünyanın müxtəlif regionlarından olan şirkətlərlə münasibətlərin qurulmasında və inkişafında görürük. Sərgidən əsas gözləntimiz də buna uyğun olaraq yeni tərəfdaşlar tapmaq, satış bazarımızın miqyasını genişləndirmək, həmçinin metallurgiya sahəsində yeni innovativ texnologiyaları təqdim edən şirkətlərlə işgüzar əlaqələr qurmaqdır.

Etibarlı tərəfdaş olaraq bizimlə əməkdaşlıq etmək istəyən hər kəsi sərgidə şirkətimizin stendini ziyarət etməyə dəvət edirik.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN