Startap layihələri yeni və innovativ ideyalar əsasında formalaşaraq sürətli inkişaf tempi ilə bazarda inqilabi dəyişikliklərə səbəb olur. Bu layihələr əsasən texnologiya və elm sahələrində fəaliyyət göstərir. Startapların əsas üstünlükləri arasında innovasiya, çeviklik, yeni iş yerlərinin yaradılması, maliyyə imkanlarının artması və sosial dəyişikliklərə təsir göstərmək kimi mühüm faktorlar yer alır.
30-cu Yubiley "Baku Energy Week" çərçivəsində "Smart Energy Hub" 2025 adlı xüsusi startap zonası təqdim olunmuşdur. Bu zona startapçılara öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etmək üçün unikal imkan yaratmışdır. Bakı Enerji Həftəsinin 30 illik təcrübəsindən bəhrələnərək, startaplar burada enerji, bərpa olunan enerji, neft-qaz, nəqliyyat və logistika sahələrinə dair layihələrlə iştirak edə bilmişlər.
Sərgi çərçivəsində startap nümayəndələri layihələrini təqdim etməklə yanaşı, B2B görüşlərdə iştirak edərək yeni tərəfdaşlıqlar qurmaq və əməkdaşlıq imkanlarını genişləndirmək şansı da əldə etmişlər.