Xəbərlər

CASPIAN OIL & GAS - Supsa terminalından AÇG nefti yüklənmiş 1000-ci tanker yola salınıb

Supsa terminalından AÇG nefti yüklənmiş 1000-ci tanker yola salınıb

30.11.2021

Xəbərlər

BP-nin əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) vasitəsilə nəql olunan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti yüklənmiş 1000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb.

BP-dən AZƏRTAC-a bildirilib ki, İtaliyaya yola düşən “Stamos” adlı 1000-ci tankerə AÇG yatağından hasil olunmuş və Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisi boyunca təhlükəsiz şəkildə nəql edilmiş 650 min barel xam neft yüklənilib.

Şirkətin Gürcüstan üzrə vitse-prezidenti Aytən Hacıyeva: “Bakı-Supsa BP və tərəfdaşlarının həyata keçirdiyi ilkin neft layihəsinin mühüm bir hissəsidir, Gürcüstanda və regiondakı təhlükəsiz və etibarlı əməliyyatlarımızın gözəl nümunəsidir. Supsa terminalından 1000-ci tankerin yola salınması həm də BP-nin Gürcüstandakı fəaliyyətinin 25-ci ildönümünə təsadüf edən əlamətdar bir hadisədir”.

Bakı-Supsa boru kəməri 1999-cu ildə istismara veriləndən bəri 700 milyon bareldən çox neft nəql edib. Boru kəmərinin hazırkı ixrac həcmi gündəlik 100 min barel təşkil edir.

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə ixrac boru kəmərləri üzrə meneceri Eldar Qaziyev: “İstismarda olduğu 20 ildən artıq müddətdə və 1999-cu ildə ilk tankerin yükləndiyi vaxtdan bəri Bakı-Supsa boru kəmərinin göstərdiyi əla iş icrası ilə həqiqətən fəxr edirik”.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, SOCAR 25 faiz, MOL 9,57 faiz, “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, TPAO 5,73 faiz, “Itochu” 3,65 faiz, “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.


Tərəfdaşlar