Mətbuat açıqlaması

CASPIAN OIL & GAS - 25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - 25 illik uğur!

25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - 25 illik uğur!

24.05.2018

29 may - 1 iyun tarixlərində Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri - Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz 25 illik yubileyini qeyd edərək Bakı Ekspo Mərkəzində keçiriləcək.  Hər il keçirilən “Caspian Oil and Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir.

Bu il “Caspian Oil & Gas” sərgisinin yubileyi sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləmiş və onun təşəbbüskarı olmuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf edir. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Azərbaycanda ilk ixtisaslaşdırılmış neft-qaz sərgisinin təşəbbüskarı, qlobal neft-qaz şirkətlərini Azərbaycan neft-qaz sənayesinin inkişafına cəlb etmək üçün bu sərgini yaxşı platforma hesab edən Ümummilli Lider Heydər Əliyevdir. O vaxtdan etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsini təmsil edən təxminən 7500 şirkət iştirak etmişdir. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, “Caspian Oil & Gas” sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də son dərəcə mühüm dəstək göstərilir. Sərgi və Konfransın təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Hər il müxtəlif ölkələrin yüksək rütbəli qonaqları sərgi və konfransda toplanırlar. Beləliklə, bu il sərgi və konfransın yüksək rütbəli qonaqları arasında cənab Məhəmməd Barkindo, Neft ixrac edən ölkələr forumunun baş katibi (OPEC), cənab Daisaku Hiraki, İqtisadiyyat, Ticarət və Sənaye üzrə vitse-spiker (Yaponiya), xanım Baronessa Emma Nikolson, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi, xanım Sandra Oudkirk, Enerji siyasəti üzrə katib köməkçisinin müavini, (ABŞ), cənab Fərhad Səmədov, Başqırdıstan Respublikası Baş nazirinin müavini (Rusiya), cənab Günter H. Oettinger, Avropa Komissiyasının Büdcə və İnsan Resursları üzrə Avropa Komissarı, cənab Bernard Luney, Baş icraçı, Upstream, BP, cənab Yury Sentyurin, Baş katib, Qaz ixrac edən ölkələr forumu (GECF) və digərləri var.

Sayca 25-ci olan “Caspian Oil & Gas 2018” sərgisində yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də servis xidmətləri təklif edən 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Belarus Respublikası, İtaliya və Rusiya tədbirdə milli qruplarla təmsil olunurlar. Builki sərginin tərkibi tədbir iştirakçılarının 20%-ni təşkil edən yeni şirkətlər sayəsində daha da genişlənib. Bu yeni iştirakçıların əksəriyyəti Azərbaycanın neft və qaz bazarına böyük maraq göstərən xarici şirkətlərdir. Həmçinin sərgi iştirakçılarının 30%-ni təşkil edən yerli şirkətlər arasında da debütantlar var.

Sərgi sahəsinin 40% -ni “Caspian Oil and Gas” sərgisinin daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur. Ənənəvi olaraq, onların çoxu da sərginin sponsor qismində çıxış edirlər. Uzun illərdir ki, "Caspian Oil & Gas" sərgisinin baş sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsorları qismində BP və Equinor, gümüş sponsoru Turkiye Petrolleri, bürünc sponsorlar qismində isə Azeri Mi Drilling, Azfen, Baku Steel Company, Bos Shelf, Caspian Drilling, Caspian Marine Services, Global Energy Azerbaijan, Socar Polymer, Tekfen, Rusiya İxrac Mərkəzi və digərləri çıxış edir. Sərginin baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.

Builki sərgi dolğun işgüzar proqramı ilə fərqlənir. Sərginin ikinci iş günündə Bakı Ekspo Mərkəzində bir gün ərzində bir neçə əsas müştəri ilə işgüzar görüşlər keçirmək və danışıqlar aparmaq üçün əlavə fürsət - “B2B” formatlı görüşlər keçiriləcək. Bu görüşlərdə həm xarici, həm də yerli istehsalçılar iştirak edəcəklər. Sərginin işgüzar proqramını neft-qaz sənayesi təmsilçilərinin geniş dairəsi üçün aktual olan seminarlar  tamamlayacaq. Belə ki, 30 may tarixində Bakı Ekspo Mərkəzində “Neft-qaz layihələrində avtomatlaşdırma mühəndisinin rolu” (“INKOEL” şirkəti), “TOFD metodu – personalın sertifikatlaşdırılmasının əsas prinsip, standart və üstünlükləri” (“UP Belqazpromdiaqnostika” şirkəti) “Avtomatik qaynaq kompleksləri” (“Magnatech” şirkəti) və “Passiv yanğından mühafizə tədbirləri” (“Graco” şirkəti) mövzularında seminarlar keçiriləcək.

Sərginin işgüzar proqramını müşayiət edən “Caspian Oil & Gas” beynəlxalq konfransı tədbirin əhəmiyyətli hissəsini təşkil edir.

YUBİLEY PROQRAMI

Təşkilatçılar uzun müddətdir ki, Xəzər Neft və Qaz sərgisinin yubileyi münasibəti ilə neftçi peşəsini seçmiş ən yaxşı tələbələri mükafatlandırır. Bu il eyni anda iki tələbə “Caspian Oil & Gas” sərgisindən xüsusi mükafat alacaqlar. Onlar Bakı Ali Neft Məktəbinin Sənaye hasilatının avtomatlaşdırılması fakültəsinə qəbul zamanı 700 bal toplamış Abdulla Əsgərzadə və Mahirə Əsədzadədir.

Bu il sərgidə uzun illər iştirak etmiş bütün şirkətlərə xatirə suvenirləri təqdim olunacaq. Belə ki, xüsusi olaraq müstəqil Azərbaycanın ilk beynəlxalq ixtisaslaşmış Xəzər Neft və Qaz sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə unikal poçt markaları buraxılıb. Sərgilərə həsr olunmuş markalar Azərbaycanda ilk dəfə nəşr olunur. Marka növlərindən birində “Xəzər Neft və Qaz” sərgisinin yubiley loqotipi və simvolik neft platformasını təsvir edilib. İkinci marka növü isə Xəzər dənizinin sahilində  Bakını təsvir edən rəsm əsərinin reproduksiyasıdır. Bunlar 10 ildən artıq müddət ərzində “Iteca Caspian” şirkətində çalışan rəssam-dizayner Çinara Məmmədovanın müəllif rəsmləridir. Sərginin açılış günündə xatirə təqdimatı üçün birinci sərgiyə həsr olunmuş poçt zərfi və xüsusi poçt ştempeli hazırlanmışdır. Bu markalar ölkədəki ən vacib neft-qaz tədbirinin obrazını formalaşdırır, insanlara tarixə təmas etmək imkanı verir.

Təşkilatçılardan daha bir suvenir yubiley münasibəti ilə xüsusi olaraq hazırlanmış “Caspian Gold” ətri olacaq. Kişi və qadınlar üçün nəzərdə tutulmuş “Caspian Gold” parfüm  suyu Azərbaycan ətriyyatçıları tərəfindən hazırlanıb və Şərqin ədviyyəli ətirlər qrupuna daxildir. Ətrin təsvirində qeyd olunur ki, o, uda ilə zirə, zəfəran, nar və darçının vəhdətindən yaranan dərin və harmonik ağac-dəri qoxusuna malikdir. Ətrin  qablaşdırılmasının dizayner həlli da maraqlıdır. Damcını xatırladan orijinal flakon təbii ağacdan hazırlanmış qutuya yerləşdirilib. İstehsalçılar həmin qutuya içərisində bir neçə damcı Xəzər nefti olan başqa bir flakon da qoyublar. “Caspian Gold” ətir suyu hədiyyə kolleksiyasıdır və məhdud sayda hazırlanıb. “Caspian Gold” ətrinin təqdimatı 25-ci Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransının açılış gününə planlaşdırılır. 

“Caspian Oil and Gas” sərgisinin yubileyi ilə əlaqədar müvafiq materiallar sərgi vaxtı çap edilmiş materialları ehtiva  edəcək. İlk növbədə bunlara sərgi və konfransın rəsmi kataloqu, “Daily News. Caspian Oil and Gas” qəzetinin xüsusi buraxılışları, hətta sərgiyə dəvətnamələr aiddir.

Xəzər Neft və Qaz sərgisinin 25-ci ildönümünə həsr olunmuş tədbirin məqsədi neft-qaz sahəsinə özlərini həsr etmiş 25 qadını qeyd etmək və sahənin qadınları ilə görüşərək təcrübələrini paylaşmaq üçün imkan yaratmaqdır.

Həmçinin sərginin yubileyi münasibəti ilə (xüsusi video-filmlərin nümayişi ilə yanaşı) sosial şəbəkələrdə müxtəlif proqramlar göstəriləcək və müsabiqələr keçiriləcəkdir. Bilavasitə sərginin keçirildiyi günlərdə isə sərgi və konfrans iştirakçılarını bir sıra maraqlı tədbirlər gözləyir. Misal üçün sərgi günlərində “Caspian Oil & Gas” sərgisinin bütün iştirakçıları tədbirin yubiley loqosunu əks etdirən pazlı toplayacaqlar. Beləliklə, sərgi və konfransın 25 illik yubileyinə həsr olunmuş əlavə tədbirlər öz informasiya zənginliyi, koloriti və müxtəlifliyi sayəsində xüsusi təntənə və bayram əhval-ruhiyyəsi yaradacaq.

Sərgilərin yaratdığı imkanlardan daha səmərəli istifadə olunmasında iştirakçılara köməklik göstərmək məqsədi ilə Xəzər Neft və Qaz sərgisinin təşkilatçıları tərəfindən iştirakçılar üçün biznes səhər yeməyi təşkil olundu. Biznes səhər yeməyinin aparıcısı sərginin təşkilatçıları tərəfindən xüsusi olaraq dəvət olunmuş peşəkar təlimçi Fidan Əzimli (“Alpha Coaching and Consulting”) idi. Biznes səhər yeməyi əsnasında stendin təşkili üzrə əsas məsələlərə toxunuldu və sərgilərdə uğurlu iştirak düsturunun təqdimatı keçirildi.

TƏŞKİLATÇILAR

“Caspian Oil & Gas” və “Caspian Power” sərgilərinin təşkilatçıları qismində “ITE Group” və onun tərəfdaşı “Iteca Caspian” şirkətləri çıxış edirlər. Beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal şəkildə təşviq edən “ITE Group” şirkətinin tərəfdaşları – “ITE London, ITE Moscow” (Rusiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (ÇXR) və “Caspian Event Management” (BƏƏ), ITE Poland (Polşa) и ITE Malaysia (Malayziya) şirkətləri bu layihə üzərində işə cəlb olunublar. “Caspian Oil & Gas” sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən keyfiyyət nişanına layiq görülüb. "UFI” tərəfindən təsdiqlənmiş nişanı sərgilərin bütün beynəlxalq standartlarına uyğun olduğunu sübut edir. 2018-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), yer alır. Uşaq meydançası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək, burada Bagcam.az-ın peşəkar müəllimləri sizin uşaqlarınıza qayğı göstərəcəklər.



Tərəfdaşlar