Xəbərlər

CASPIAN OIL & GAS - Ümummilli lider Heydər Əliyevin 95-ci ildönümü qeyd olunması ilə bağlı Xəzər Neft və Qaz sərgisinin iştirakçıları ağac əkmə aksiyasında iştirak ediblər

Ümummilli lider Heydər Əliyevin 95-ci ildönümü qeyd olunması ilə bağlı Xəzər Neft və Qaz sərgisinin iştirakçıları ağac əkmə aksiyasında iştirak ediblər

22.05.2018

Xəbərlər

22 may tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Botanika bağında Xəzər Neft və Qaz sərgi və konfransının iştirakçıları və təşkilatçıları tərəfindən ağac və çiçəklər əkilmiş və həmçinin oturacaqlar quraşdırılmışdır. Bu tədbir ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur. 10 may 2018-ci il tarixində müasir Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevin 95 illiyi qeyd olundu. Bu il Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz mötəbər yubileyini – uğurlu fəaliyyətinin 25-ci ildönümünü də qeyd edir. Bununla əlaqədar xatirə lövhəsi quraşdırılmışdı.

“Caspian Oil and Gas” sərgisi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsinin karbohidrogen yataqlarının genişmiqyaslı işlənilməsi üzrə yeni istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində təsis edilib və  “Caspian Oil and Gas” sərgisinin tarixi də məhz o vaxtdan başlayır. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və o vaxtdan etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi. Keçirildiyi ilk gündən dünyanın 12 ölkəsindən neft-qaz və energetika sektorunun 158 aparıcı şirkətini bir araya toplayan bu sərgi və konfrans yüksək göstəriciyə imza atdı.

Sərginin ilk iştirakçıları və sponsorları arasında dünya neft və energetika sektorunun aparıcı şirkətləri, o cümlədən “BP”, “OMV”, “Conoco Phillips”, “Statoil”, “Total”, “Petkim”, “TPAO”, “RWE” və bir sıra digər şirkətlər var idi. Sərgi Azərbaycanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlər üçün xarici şirkətlərlə əməkdaşlıq etmək və yeni texnologiyaları yerli istehsal prosesində, eləcə də karbohidrogen ehtiyatlarının hasilatında tətbiq etmək üçün geniş imkanlar açaraq, işgüzar əlaqələr və qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradan bir platformaya çevrildi.

Sərginin yüksək statusunu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin açılış mərasimində iştirak etməsi təsdiqləyirdi və bu gün, bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müxtəlif ölkələrin liderləri, o cümlədən Böyük Britaniya, Türkiyə və Norveçin baş nazirləri, ABŞ, Fransa və Gürcüstanın prezidentləri, habelə Avropa İttifaqının prezidenti növbəti sərgi və konfransın açılışı münasibətilə Azərbaycanın Respublikasının rəhbərinə öz salamlama məktublarını göndərirlər. Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR isə bu sərginin inkişafı naminə öz əvəzsiz töhfələrini əsirgəmirlər.  

25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi 29 may - 1 iyun tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgi dünyanın 38 ölkəsindən 300 şirkəti bir araya toplayıb. 25 illik yubileyi münasibəti ilə əlaqədar olaraq, təşkilatçılar tərəfindən əlavə tədbirlər proqramının hazırlanması və həyata keçirilməsi planlaşdırılır.


Tərəfdaşlar