25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - “Caspian Oil & Gas 2016” sərgisi - unikal beynəlxalq əməkdaşlıq modeli

“Caspian Oil & Gas 2016” sərgisi - unikal beynəlxalq əməkdaşlıq modeli
01.06.2016

Xəbərlər

İyun ayının 1-də Bakı Ekspo Mərkəzində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group plc” şirkətlərinin təşkilatçılığı ilə Xəzəryanı regionun energetika sektoru üzrə ən böyük tədbiri - 23-cü Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas 2016”) sərgi və konfransının açılışı oldu. Ənənəvi olaraq, sərgi iyirmi ildən artıq müddət ərzində beynəlxalq əməkdaşlıq, etibarlı işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalı müqavilələrin imzalanması və layihələrin uğurla həyata keçirilməsi baxımından özünü unikal model kimi doğrultmuşdur. “Caspian Oil & Gas” sərgisi Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəstəklənir. 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərgidə iştirakı tədbirin yüksək statusunu bir daha təsdiq edir. Sərginin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev “Caspian Oil & Gas 2016” sərgisinin öz işinə başlaması münasibəti ilə tədbirin qonaq və iştirakçılarını təbrik edərək, sərginin əhəmiyyətli olduğunu və tarixi baxımdan rəmzi məna daşıdığını vurğuladı. Bu sərgi sayəsində Azərbaycan öz neft potensialını bütün dünyaya nümayiş etdirməklə yanaşı, əsrin irimiqyaslı layihələrinin həyata keçirilməsi çərçivəsində dünyanın energetika şirkətləri ilə qurulan əməkdaşlıq əlaqələri haqqında məlumat verir.

ABŞ Dövlət Departamentinin enerji resursları bürosunun enerji diplomatiyası üzrə dövlət katibinin müavini cənab Robin Dunniqan “Caspian Oil & Gas 2016” sərgi və konfransının qonaq və iştirakçılarına ABŞ Prezidenti Barak Obamanın salamlama məktubunu oxudu. Məktubda regionda təchizatın diversifikasiyası və sabitliyin təmin edilməsi sahəsində Azərbaycanın etibarlı tərəfdaş olduğu vurğulanır və qeyd edilirdi ki, Amerika ölkəmizin Cənub Qaz Dəhlizinin tikintisi üçün göstərdiyi səylər yüksək qiymətləndirir.

Böyük Britaniya Baş nazirinin Azərbaycanda ticarət məsələləri üzrə xüsusi nümayəndəsi Baronessa Emma Nikolson Böyük Britaniya Baş naziri c-b Devid Kemeronun Ülyahəzrət kraliça hökuməti adından “Caspian Oil & Gas 2016” sərgi və konfransının iştirakçılarına uğurlu fəaliyyətin arzulandığı salamlama məktubunu oxudu. Məktubda qeyd olunur ki, “Ölkələrimizi möhkəm ikitərəfli münasibətlər birləşdirir. Azərbaycanın enerji təchizatı Cənub Qaz Dəhlizi və Avropanın enerji təchizatında mühüm rol oynayır. Biz çox şadıq və qürur duyuruq ki, Böyük Britaniyanın “BP” və digər şirkətləri bu prosesdə yaxından iştirak edirlər”.

Həmişə olduğu kimi, hər bir yeni “Caspian Oil & Gas” sərgi və konfransı enerji resursları bazarının aparıcı iştirakçılarının diqqətini Azərbaycana yönəldir. Sərginin populyarlıq reytinqi Azərbaycanın neft ölkəsi kimi sürətli inkişafı ilə vəhdət təşkil edir.

Bu il dünyanın 30 ölkəsini təmsil edən 240 şirkət sərgidə iştirak edir.  Bu ölkələr arasında Azərbaycan, Belçika, İspaniya, Çin, Qazaxıstan, Niderland Krallığı, Polşa, Portuqaliya və digər ölkələr yer alır. İtaliya və Almaniya sərgidə milli pavilyonla çıxış edirlər. Sərgi iştirakçılarının ümumi sayının 15%-ni təşkil edən debütantlar arasında isə Böyük Britaniya, Portuqaliya, Rumıniya, Amerika Birləşmiş Ştatları və digər ölkələrin şirkətləri var. Xarici iştirakçıların stendləri sərgi platformasının təxminən üçdə iki hissəsini əhatə edir.

Sərgidə iştirak edən şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sisteminin təmin edilməsi, habelə platforma və üzən qazma qurğuları, boruların çəkilməsi və boru kəməri sistemlərinin təhlükəsizliyinin təmin edilməsi, eləcə də servis xidmətləri sahəsində avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini təqdim edir. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadəyə hazır məhsulların istehsalı sahəsindəki texnologiyalara həsr olunub. Kimya sənayesi və kimyəvi istehsal üçün xammal təklif edən şirkətlərin stendləri böyük sahəni əhatə edir. Sərgi iştirakçı və ziyarətçiləri üçün səmərəli iş və peşəkar ünsiyyət məqsədi ilə lazımı şərait yaradılıb.

Azərbaycanın aparıcı şirkətləri və neft-qaz sənayesinin liderlərindən ibarət olan sponsorlar qrupu sərginin yüksək statusunu əks etdirir. Ənənəvi olaraq, “Caspian Oil & Gas” sərgisinin Baş sponsoru qismində ARDNŞ çıxış edir. Bu il tədbirin qızıl sponsorları “BP” və “Petronas” şirkətləri, gümüş sponsoru isə “Bos Shelf”  şirkətidir. Tədbirin digər sponsorları arasında “Azeri M-I Drilling”, “Caspian Marine Services”, “Caspian Drilling Company”, “Global Energy”, “GMS”, “AZFEN J.V.”, “Hidromaşservis”, “RussNeft”, “SOCAR Polymer” və “Tekfen Construction” şirkətləri yer alır. Sərgi və konfransın Baş media tərəfdaşı qismində “Caspian Energy International Media Group” şirkəti çıxış edir.

1-4 iyun tarixində Bakı Ekspo Mərkəzində “Caspian Oil & Gas” sərgisi ilə eyni platformada Qafqaz regionunun enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri sahəsində yeganə ixtisaslaşmış tədbir olan 6-cı Beynəlxalq “Energetika və Alternativ enerji” (“Caspian Power 2016”) sərgisi keçiriləcək. “Caspian Power 2016” sərgisində Azərbaycan, Belarus, Çin, Polşa, Rusiya və Türkiyəni təmsil edən 30 təchizatçı şirkət iştirak edir. Sərginin ekspozisiyasında elektrik enerjisinin texniki və kommersiya təyinatlı hesablanması üçün avtomatlaşdırılmış sistemlər, işıq diodları, günəş batareya panelləri, işıq diodlu indikatorlar, işıqlandırma sistemləri, müxtəlif kabel-naqil məhsulları, kommunikasiya – paylayıcı qurğular və bir sıra digər məhsullar təqdim olunur.

Beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgilərə fəal şəkildə dəvət edən “ITE Group plc” şirkətinin ofislər şəbəkəsi – “ITE London”, “ITE Moscow” (Rusiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (ÇXR), “ITE Gulf” (BƏƏ), “ITE Poland” və “ITE Malaysia” şirkətləri bu sərgi layihəsi üzərində işə cəlb olunub. Artıq 11 ildir ki, “Caspian Oil & Gas” sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülür. 


Xəbərlər

Bütün xəbərlər