25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Prezident İlham Əliyev: "Azəri", "Çıraq" və "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır

Prezident İlham Əliyev: "Azəri", "Çıraq" və "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır
14.09.2017

Xəbərlər

"Azəri", "Çıraq" və "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün əlamətdar və tarixi bir gündür:

"Azəri", "Çıraq", "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü mərasimin önəmini əks etdirir".

İlham Əliyev bildirib ki, bu gün imzalanacaq sazişin Azərbaycan üçün çox böyük əhəmiyyəti var:

"Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının işlənməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq saziş Azərbaycan üçün daha da əlverişlidir. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış müqavilə də bizim maraqlarımızı tam təmin edirdi, bu dəfə isə daha da yaxşı şərtlərlə saziş imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm. Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın "AzACG" şirkəti podratçı kimi sazişin icrasında iştirak edəcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Əlbəttə ki, sazişin bir çox müddəaları var və bu əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, bizim maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu sazişin çox böyük əhəmiyyəti var. Eyni zamanda onu da qeyd etməliyəm ki, 23 il ərzində sazişin icrası da çox uğurlu idi və bu illər ərzində 436 milyon ton neft “Azəri”, “Çıraq”, “Günəşli”dən hasil edilib.

Yaxşı xatırlayıram ki, 1994-cü ildə müqavilə imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən edilmişdir. Ancaq bugünkü məlumat – əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq – bu da onu göstərir ki, hələ də “Azəri”, “Çıraq”, “Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, sazişin icrası müddətində bu rəqəm daha da artacaq".

Azərbaycan Prezidenti xatırladıb ki, 23 il bundan əvvəl ölkəmizin tarixində çox əlamətdar hadisə baş verdi: "Bakının “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması mərasimi keçirilmişdir və bu, ölkəmizin uğurlu inkişafına təkan vermişdir. O günləri mən çox yaxşı xatırlayıram, o günlər mənim gözümün qabağındadır. Doğrudan da Azərbaycan öz tarixində ən önəmli addımlardan birini atdı".

Dövlət başçısı vurğulayıb ki, “Əsrin müqaviləsi”nin imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda ağır problemlərlə üzləşmişdi. Xüsusilə, 1992-ci ildə dövlət çevrilişindən sonra hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına qoyulmuşdu. İqtisadi tənəzzül, sənaye potensialının azalması, inflyasiya min faizlərlə ölçülürdü. Ölkəmizdə iqtisadi perspektivlər demək olar ki, yox idi. Siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos yaşanırdı. Və laxlayan hakimiyyəti saxlamaq üçün o vaxtkı qanunsuz zəbt edilmiş hakimiyyət silaha əl atdı. Azərbaycanda vətəndaş müharibəsinə başlanıldı, qardaş qanı axıdıldı. AXC-Müsavat hakimiyyəti tərəfindən ölkəmizin ikinci böyük şəhəri Gəncə bombalandı. Azərbaycan böyük faciə ilə üz-üzə qaldı. Bununla paralel olaraq, Ermənistan ölkəmizə qarşı işğalçı siyasət aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın böyük hissəsi işğal altına düşmüşdü".

Münaqişə nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olduğunu xatırladan İlham Əliyev deyib ki, belə bir ağır vəziyyətdə xalq yeganə düzgün seçim etdi: Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi: "Məhz onun prezident vəzifəsinə seçilməsindən sonra 1993-cü ildə vəziyyət tədricən düzəlməyə başladı. İqtisadi, siyasi islahatların aparılmasına başlanılmışdır, bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdir, ölkəmiz demokratiya yoluna qədəm qoymuşdur, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. Əlbəttə ki, ölkəmizin uğurlu inkişafı üçün sərmayə lazım idi. Çünki o vaxt xəzinə boş idi, inkişaf üçün imkan yox idi. Belə bir vəziyyətdə böyük xarici neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək əlbəttə ki, böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi".

Prezident bildirib ki, Azərbaycan o vaxt çox riskli bir yer sayılırdı və belə bir vəziyyətdə 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması, ölkəmizə böyük sərmayənin cəlb edilməsi doğrudan da tarixi nailiyyət idi:

"O gündən 23 il keçir. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf edib. Bu gün Azərbaycan ayaqda dayanan möhkəm ölkə kimi dünyada tanınır. Bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir, Azərbaycan beynəlxalq aləmdə çox müsbət və yüksək reputasiyaya malik ölkədir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir və bu da beynəlxalq aləmdə bizə olan rəğbətin, hörmətin, dəstəyin əlamətidir. Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır, bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir. İqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə də hər hansı bir başqa maneə, problem var".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bundan sonra uğurla inkişaf edəcək: "Ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, biz hansı vəziyyətə düşəcəkdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik və bunun təməlində bizim həm güclü siyasi iradəmiz, həm də iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız ilk növbədə iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin müqaviləsi” yaradır. O vaxtdan bu günə qədər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, yeni önəmli addımlar atılır, sərmayələr cəlb edilir".

Azərbaycan Prezidentinin sözlərinə görə, 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır: "1994-cü ildə “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqları üzrə müqavilə imzalanmışdır. 1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağı üzrə müqavilə imzalanmışdır. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarılmışdır. Yəni bu da neft tarixində nadir hadisələrdəndir. 1994-cü ildə müqavilə imzalanır, 3 ildən sonra artıq ilk neft çıxarılır. 1998-ci ildə həmin bu neftin fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk neft kəməri ilə Qara dənizə ixrac edilməsinə başlanılmışdır. 1999-cu ildə Qara dənizin digər limanına, Supsaya Bakıdan neft kəməri tikilib istifadəyə verilmişdir və artıq iki istiqamət üzrə Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına başlanılmışdır. 2002-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir və “Şahdəniz” qazının ilk hissəsinin Türkiyəyə ixracına başlanılmışdır. 2012-ci ildə Türkiyədə Azərbaycanla Türkiyə arasında TANAP layihəsinə imza atıldı və bu gün bu layihə uğurla icra edilir. Bu layihənin tamamlanmasına az vaxt qalır. 2013-cü ildə TAP layihəsi qaz kəməri kimi seçilmişdir və bu istiqamətdə də işlər gedir. Yəni əsas xronoloji mənzərə bundan ibarətdir. Buna əlavə olaraq demək olar ki, dünyanın ən böyük Səngəçal neft-qaz terminalı tikilmişdir, Gəmiqayırma Zavodu tikilmişdir və indi Azərbaycanda istənilən növ gəminin istehsalı mümkündür. Dünyanın ən böyük qazma qurğularından biri, Heydər Əliyev adını daşıyan qazma qurğusu istifadəyə verilmişdir. Azərbaycanda platformalar tikilir, Azərbaycan mütəxəssisləri xarici neft-qaz layihələrinin icrasında əksəriyyət təşkil edir. Yəni “Əsrin müqaviləsi”nin Azərbaycana verdiyi faydalar budur".

İlham Əliyev vurğulayıb ki, Azərbaycanın çox böyük maliyyə resursları var: "Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq. Hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə də öz valyuta ehtiyatlarımzı artırmışıq, artıracağıq və əlbəttə ki, “Əsrin müqaviləsi”nin imzalanması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək".

Dövlətimizin başçısı əlavə edib: "Mən bu gün bu mərasimdə Azərbaycan neftçilərinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan o ölkədir ki, burada dünya miqyasında sənaye üsulu ilə ilk neft hasil edilmişdir – 1846-cı ildə. Və birinci neft buruğu artıq tarixi abidə kimi qorunur və şəhərimizin mərkəzində yerləşir. Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən də neft çıxarılmışdır – XX əsrin ortalarında Neft Daşlarından. Bizim çox böyük və zəngin ənənələrimiz var. Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanmışdır. Neftçi peşəsi Azərbaycanda çox hörmətli peşədir. Bütün bu uğurlarımızın əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti və böyük payı var. Ona görə də mən Dövlət Neft Şirkətində 9 il çalışmış bir insan kimi, özümü də müəyyən dərəcədə neftçi hesab edirəm və bugünkü mərasimdə, xüsusilə neftçilərin peşə bayramının yaxınlaşdığını nəzərə alsaq, Azərbaycan neftçilərinə öz səmimi təbriklərimi, minnətdarlığımı bildirirəm.

Bu gün mən xüsusilə bizim əsas tərəfdaşımızın, BP şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. BP şirkəti ilə əməkdaşlığımızın da 23 il tarixi var. Yəni BP bütün əsas layihələrimizdə – həm “Azəri-Çıraq-Günəşli”də, həm Bakı-Tbilisi-Ceyhan layihəsində, həm “Şahdəniz” layihəsində, həm də “Cənub Qaz Dəhlizi” layihəsində əsas tərəfdaş və investor kimi fəaliyyət göstərir. Yəni bu strateji tərəfdaşlıq artıq böyük sınaqlardan çıxıb. Bizim aramızda, SOCAR ilə BP arasında çox gözəl işgüzar münasibətlər, qarşılıqlı etimad o cümlədən, bugünkü mərasimi mümkün etmişdir. Çünki sirr deyil ki, “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının çox böyük potensialı var. Bir daha qeyd etmək istəyirəm ki, bugünkü hesablamalara görə, 1 milyard ton neft ehtiyatı var. Bu gün imzalanan saziş 1994-cü ildə imzalanan müqavilədən daha böyük miqyaslıdır. Həmin müqavilənin müddəti artıq sona çatır. Əlbəttə ki, müqavilənin müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni müqavilə imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki, bugünkü seçimi şərtləndirdi və mən buna çox şadam".

Prezident əmin olduğunu bildirib ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənməsinin uğurunu təmin edəcəklər: "Eyni zamanda, AÇG-nin bütün partnyorlarını xüsusilə qeyd etmək istərdim, onlara da öz minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycana böyük sərmayə qoyublar və bugünkü qərarın qəbul edilməsində hər bir tərəfdaş şirkətin öz payı var. Onların qərarı olmasaydı, bugünkü mərasim də olmayacaqdı. Bir sözlə, Azərbaycan aparıcı xarici neft-enerji şirkətləri ilə çox uğurlu qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır və bu bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu o hadisələrdəndir ki, hər iki tərəf burada qalib gəlir.

“Əsrin müqaviləsi” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də Azərbaycan bir çox neft hasil edən ölkələrdən fərqli olaraq, nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir gətirə bilər, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, neft üstündə dünyada əvvəlki dövrlərdə mübarizə gedib, hazırda da mübarizə gedir, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı elə o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Bir çox neftlə zəngin ölkələrdə bu gün müşahidə olunan mənzərə bunun əksini deyir. Ona görə də bizim əsas məqsədimiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün. Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri, tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi – bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır.

Biz bu illərdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayırdıq və 250 min məcburi köçkünü 100-ə yaxın yeni salınan qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin etdik. Bu proses davam edir. Eyni zamanda, biz neftdən əldə edilən gəlirləri Dövlət Neft Fondunda çox şəffaf şəkildə qoruyuruq. Dövlət Neft Fondunun fəaliyyəti çox şəffafdır, fəaliyyəti, gəlirləri və xərcləri haqqında məlumatlar müntəzəm olaraq ictimaiyyətə çatdırılır. Dövlət Neft Fondunun xərcləri ancaq Parlamentin təsdiqi ilə mümkündür. Büdcəmiz təsdiq ediləndə hökumətin təklifi ilə Milli Məclis transfertin həcmini müəyyən edir. Yəni, maksimum şəffaflıq bizə imkan verdi ki, bu imkanlardan səmərəli istifadə edək".

İlham Əliyev bildirib ki, bu gün Azərbaycan o ölkələrdəndir ki, şəffaflığa görə çox yüksək beynəlxalq qiymətə də layiqdir:

"Mən çıxışımın əvvəlində qeyd etdim ki, “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında etdiyi misilsiz xidmətlərdən biridir. Bu gün bütün Azərbaycan xalqı bu müqavilənin gözəl nəticələrini öz həyatında görür. Hesab edirəm ki, bugünkü mərasimin ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də, o tarixi gündə “Gülüstan” sarayında ulu öndər Heydər Əliyev öz çıxışında o müqavilənin əhəmiyyətini vurğulamışdır. Qeyd etmişdir ki, bu müqavilənin Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra ulu öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri”, “Çıraq”, “Günəşli”. Eyni zamanda bu onu göstərir ki, bu gün Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və yaşayacaqdır".


Xəbərlər

Bütün xəbərlər