25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - “Caspian Oil & Gas 2017” sərgisini qarşılayın!

    Onlayn xəbərlərinin sponsoru 
    “Global Energy Azerbaijan” şirkətidir 


“Caspian Oil & Gas 2017” sərgisini qarşılayın!

31.05.2017

Xəbərlər

31 may tarixində Bakı Ekspo Mərkəzində 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2017” sərgi və konfransı öz işinə başladı. “ITE Group Plc” və “Iteca Caspian” şirkətləri tərəfindən təşkil olunan və Xəzəryanı regionun neft-qaz sahəsi üzrə nəhəng tədbiri sayılan bu tədbir dünyanın 30 ölkəsindən 289 şirkəti bir araya gətirib. Ser Endryu Vud, Böyük Britaniyanın “ITE Group Plc” şirkətinin baş məsləhətçisi, “Caspian Oil & Gas” sərgi və konfransının Təşkilat komitəsi adından tədbir iştirakçılarına uğurlar arzulayıb.

Ənənəvi olaraq, sərginin təntənəli açılış mərasiminə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu əlamətdar hadisə münasibəti ilə iştirakçı, qonaq və təşkilatçıları təbrik etdi. Ölkə başçısı öz çıxışında enerji kompleksinin ölkə iqtisadiyyatındakı rolunu vurğulayaraq, artıq iyirmi ildən çox müddət ərzində sənayenin ən mühüm tədbiri olan neft-qaz sərginin aktuallığını və populyarlığını qiymətləndirdi. Ölkə başçısının sözlərinə görə, Azərbaycanda “Caspian Oil & Gas” sərgisinin keçirilməsi əlamətdar hadisədir. Sərgi 24-cü dəfə keçirilir və bu çox parlaq göstəricidir, belə ki, sərginin ekspozisiyası azalmayıb, əksinə artıb. Cənab Prezident xatırladıb ki, ilk “Caspian Oil & Gas” sərgisinin keçirilməsi Azərbaycanı güclü neft ölkəsi kimi dünya ictimaiyyətinə tanıtmaq baxımından çox mühüm hadisə olub. İlham Əliyev artıq 24 ildir ki, Azərbaycan ilə əməkdaşlıq edərək neft-qaz sənayesinin inkişafına töhfə verən və ölkənin sənaye sahəsində əldə etdiyi nailiyyətləri dünya arenasında nümayiş etdirən sərgi təşkilatçılarına öz minnətdarlığını bildirib.

Prezident Cənub Qaz Dəhlizi layihəsinə yatırılan və 40 milyard ABŞ dolları təşkil edən investisiyanın məbləğini açıqladıqdan sonra, nəhəng enerji layihələrinin reallaşdırılmasından danışıb və neft-qaz təchizatının diversifikasiyasının əhəmiyyətini xatırladıb, belə ki, bu gün Azərbaycan Avropa üçün karbohidrogenlərin yeganə yeni mənbəyidir.

Ölkə başçısı qeyd edib ki, müstəqillik illərində Azərbaycan neft-qaz layihələrinin reallaşdırılması çərçivəsində xarici investorlar ilə uğurlu əməkdaşlıq yarada bilib və bu gün bu əməkdaşlıq iqtisadiyyatın  digər sahələrinə də nüfuz edib.

Cənub Qaz Dəhlizi layihəsi ABŞ Hökuməti tərəfindən də dəstəklənir. Bu sözlər ABŞ-ın Prezidenti Donald Trampın sərgi iştirakçılarına ünvanlanan və ABŞ Dövlət Departamentinin Energetika Resursları Bürosunun Dövlət katibinin Energetika diplomatiyası üzrə müavini xanım Robin Dunnigan tərəfindən oxunan məktubunda yer alıb. Amerika Birləşmiş Ştatlarının Azərbaycanın cəlb olunduğu layihələrə böyük əhəmiyyət verməsi, ölkənin inkişafını və ölkənin enerji təhlükəsizliyinə istiqamətlənmiş səylərini dəstəkləməsi çox vacibdir.

Cənab Maroş Şevçoviç, Avropa Komissiyasının enerji birliyi üzrə Vitse-prezidenti öz video-müraciətində bunları vurğuladı: “- Biz gözləyirik ki, 2020-ci ildə Avropa Azərbaycan qazını qəbul edəcək”. Ümumilikdə isə Maroş Şefçoviç hesab edir ki, CQD layihəsi mavi yanacağın Mərkəzi Asiyadan tədarük edilməsində böyük rol oynayacaq.

Neft-qaz bazarının inkişaf təmayülünün ənənəvi müzakirə mərkəzinə çevrilmiş “Caspian Oil & Gas” sərgisi üzrə VIP-tur çərçivəsində neft və qazın hasilatı və emalı, eləcə də daşınması və loqistikası sahəsində qabaqcıl texnologiyalar, o cümlədən servis xidmətləri və Xəzəryanı regionda potensial əməkdaşlıq imkanları nümayiş etdirilib.

Bu gün “Caspian Oil & Gas” sərgisi neft hasilatı, elmi-texniki tədqiqatlar və nəhəng layihələrin reallaşdırılması sahəsində Azərbaycanın əldə etdiyi genişmiqyaslı nailiyyətləri nümayiş etdirir. Hazırkı sərgidə bütün ölkənin təbii potensialı, bir sıra stendlərdə isə Azərbaycanın tarixi dəyişiklikləri nümayiş olunur.

Sərgidə ekspozisiyalar əsas tematik bölmələrlə diqqəti cəlb edir (məs.: neft hasilatı və enerji resurslarının daşınması sahəsində innovativ texnologiyalar, neft-qaz saxlama sisteminin təmin edilməsi, regionun mövcud və gələcək neft-qaz layihələri). Şirkətlər geniş məhsul çeşidlərini - avadanlıqlar, xidmətlər, innovativ texnologiyalar, platformalar və üzən qazma qurğularını, eləcə də boru kəmərlərinin tikintisi üzrə xidmətləri, o cümlədən boru kəmərlərinin təhlükəsizlik sisteminin təmin edilməsi və servis xidmətlərini təqdim edirlər.

Qeyd edək ki, layihə üzərində işə “ITE Group plc” şirkətinin tərəfdaşlar şəbəkəsi - “ITE London”, “ITE LLC Moscow” (Rusiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (ÇXR) və “ITE Gulf” (BƏƏ) şirkətləri cəlb olunublar. Bu şəbəkə beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgidə iştiraka fəal şəkildə dəvət edir. Ənənəvi olaraq, uzun illər ərzində “Caspian Oil & Gas” sərgisinin platin sponsoru “SOCAR”, qızıl sponsoru “BP”, gümüş sponsoru qismində isə “Turkiye Petrolleri” şirkətləri çıxış edirlər.


Xəbərlər

Bütün xəbərlər